Xızı Rayonunda “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir təşkil olunub.
01 avqust 2023-cü il tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzində Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir təşkil olunub. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin, əməkdaşları, rayon ziyalıları və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin hərtərəfli inkişafı, ümumişlək dilə, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın hegemon dövlətlərinin və ən yüksək beynəlxalq təşkilatların kürsülərində səslənməsi uğrunda fəaliyyətindən, həyata keçirdiyi islahatlardan bəhs edib.
Tədbirdə dilimizi xalqımızın ən böyük milli sərvəti hesab edən Ümummilli Liderin Azərbaycan dili və əlifbası, xalqımızın mənəvi dəyərləri ilə bağlı imzaladığı fərman və sərəncamlar, ədəbi dilin qorunması, inkişafı və düzgün tətbiq olunması istiqamətində görülmüş işlər və bu işlərin uğurlu nəticələrindən bəhs edən geniş çıxışlar dinlənilib.
Ulu Öndərin Azərbaycan dili və azərbaycançılıq məfkurəsi ətrafında çoxşaxəli fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirilib.