Xızı rayonunda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilmişdir.
16 mart 2023-cü il tarixində Xızı rayon Heydər Əliyev Mərkəzində Xızı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Xızı Rayon Təşkilatının sədr müavini, Xızı Rayon Gənclər və İdman İdarəsinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və rayon ziyalıları iştirak etmişdirlər.
Tədbiri giriş sözü ilə açan Xızı RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətləri, milli dövlətçiliyimizin möhkəmləndirilməsi məqsədilə irəli sürdüyü azərbaycançılıq ideyası, dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməsi və bu sahədə yeritdiyi sistemli və ardıcıl siyasətdən bəhs etdi. Daha sonra, Ümmummilli Liderin beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanılması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda sarsılmaz fəaliyyəti və misilsiz xidmətlərindən bəhs edən geniş çıxışlar dinlənildi. Sonda Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən video-slayd nümayiş etdirildi.
Tədbir mövzu ilə bağlı iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.