Xızı rayonunda “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” adlı tədbir keçirilib..
Xızı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24 iyun 2023-cü il tarixində Xızı Rayon Heydər Əliyev Mərkəzində “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi” çərçivəsində “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” adlı tədbir təşkil olunub. Tədbirdə Xızı rayon İcra Hakimiyyətinin,Yeni Azərbaycan Partiyası Xızı Rayon Təşkilatının, Xızı Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin və rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, “Vətən Müharibəsi” veteranları,qazilər, rayon ziyalıları,iştirak edib.
Azərbaycan Republikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, ilk öncə, Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov bildirib ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə olduğu kimi, silahlı qüvvələrimizin yaradılması, qüvvətləndirilməsi vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində daha da möhkəmlənir, döyüş qabiliyyətini artırır.
Abdulla Hüseynov vətənpərvər Azərbaycan gənclərinin Vətənin müdafiəsi və azadlığı uğrunda gedən döyüşlərdə göstərdikləri şücaət və qəhrəmanlığı yüksək qiymətləndirərək, “26 iyun – Silahlı Qüvvələr Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Tədbirdə Ulu Öndərin milli zabit kadrlarının hazırlanması üçün mükəmməl hərbi təhsil sistemi formalaşdıraraq ordunun maddi-texniki bazasının təkmilləşdirməsi, Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, döyüş ruhunun yüksəldilməsində və ordu quruculuğu ilə bağlı apardığı genişmiqyaslı islahatlar, 44 gün davam edən Vətən Müharibəsinin Azərbaycan ordusunun şanlı Qələbəsi ilə başa çatması ətrafında geniş çıxış və məruzələr dinlənilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin siyasət meydanı, o cümlədən, ordu quruculuğu sahəsindəki qətiyyətli fəaliyyətindən bəhs edən geniş formatlı video-çarx nümayiş etdirilib.