Xızı rayonunda “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib.
24 noyabr 2023 | 15:05
24.11.2023-cü il tarixində Xızı Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı və Xızı Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə Xızı Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov çıxışında 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasının tarixi-mənəvi əhəmiyyətini vurğulayaraq bildirdi ki, bu çərçivədə ölkəmizdə silsilə tədbirlər keçirilir. O, Ümummilli Lider Heydər Əliyevin ölkədə hüquqi dövlətə xas olan qanunçuluğun, ədalət və hüquq qaydalarının təmin olunması sahəsində atdığı qətiyyətli və cəsarətli addımlardan, gələcəyə hesablanan ardıcıl və məqsədyönlü tədbirlərdən bəhs etdi. A.Hüseynov bildirdi ki, Ümummilli Liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyası tarixi əhəmiyyətə malik sənəd kimi ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət quruculuğunun möhkəm təməlini qoydu.
Tədbirdə müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin demokratik cəmiyyət və hüquqi dövlətin ən vacib atributlarından olan insan hüquq və azadlıqlarının müdafiəsi üçün tarixi xidmətləri və demokratik hüquqi dövlət quruculuğunda dövlətçilik strategiyasının prioritet istiqamətləri barədə geniş məruzələr dinlənildi.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən geniş videoçarx nümayiş etdirildi.