Xızı rayonunda “Milli Mətbuatımızın 150 ili: Keçmişdən Gələcəyə” adlı tədbir keçirilib.
21 iyul 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Xızı Rayon İcra Hakimiyyətinin, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Xızı rayon Heydər Əliyev Parkında “Milli Mətbuatımızın 150 ili: Keçmişdən Gələcəyə” adlı tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, mədəniyyət və təhsil müəssisələrinin əməkdaşları, ziyalılar, jurnalistlər, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edənlər qeyd edib ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan və Azərbaycan dilində ilk dəfə nəşr edilən “Əkinçi” qəzeti ilə Milli Mətbuatımızın təməli qoyulmuşdur. Bu qəzet yalnız dövrünün deyil, həm də gələcək nəsillərin maariflənməsi və milli kimliyimizin qorunması baxımından müstəsna əhəmiyyət daşıyıb. Həsən bəy Zərdabinin bu təşəbbüsü sayəsində Azərbaycan xalqı milli mətbuatın gücünü dərk etməyə başlayıb, ictimai fikrin formalaşmasında mətbuatın rolu aydın şəkildə özünü göstərib. Çıxışlarda qeyd olundu ki, 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğv edilməsi Azərbaycan mətbuatı tarixində mühüm dönüş nöqtəsi olub. Məhz Ulu Öndərin rəhbərliyi ilə söz və fikir azadlığının təmin olunması, mətbuatın hüquqi bazasının möhkəmləndirilməsi, jurnalistlərin fəaliyyəti üçün şəraitin yaradılması ölkəmizdə demokratik cəmiyyətin inkişafına təkan verib. Bu gün də həmin siyasi xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə vurğulanıb ki, Milli Mətbuatımız bu gün cəmiyyətin güzgüsü olmaqla yanaşı, ictimai rəyin formalaşmasında, milli dəyərlərin təbliğində, maarifləndirmə işində və dövlət-mətbuat münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayır. Həmçinin medianın informasiya təhlükəsizliyinin təmin olunmasında, milli maraqların qorunmasında və ictimai məsələlərin obyektiv işıqlandırılmasında rolu danılmazdır.
Tədbirin sonunda iştirakçılar 22 iyul – Milli Mətbuat Günü münasibətilə Xızı rayon Mərkəzi Kitabxanası tərəfindən təşkil olunmuş “Azərbaycan Mətbuatı: Dünən, Bu Gün, Sabah” adlı kitab sərgisinə baxış keçirib. Sərgidə mətbuat tariximizə dair kitablar, qəzetlər, jurnallar və müasir dövrün jurnalistika nümunələri təqdim olunub.






