Xızı rayonunda Ümummilli Liderimiz Heydər Əliyevin anım günü qeyd edilmişdir
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olmuşdur.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Heydər Əliyev böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürmüş, onun hakimiyyətə gəlişi ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olaraq inkişafın sarsılmaz təməli qoyulmuşdur. Bu, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması demək idi. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratmış, dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başlamışlar. O, Qərbə inteqrasiya yolunu tutaraq ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirmiş, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrilmiş, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrilmişdir.
Ümummilli lider Heydər Əliyevi dünyanı dəyişmiş insanlar cərgəsinə aid etmək olar. XX əsr və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.
Xalqımız hər il 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti və minnətdarlıq hissi ilə qeyd edir. Bu münasibətlə Respublika ərazisində Ulu Öndərin ömür yolu və sarsılmaz fəaliyyətinə həsr olunmuş müxtəlif tədbirlər təşkil olunur. 12 dekabr 2022-ci il tarixində Xızı rayonunda Xızı Rayon İcra Hakimiyyətinin başçısı, YAP Xızı rayon Təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatları və rayon ictimaiyyətinin iştirakı ilə Xızı rayon Heydər Əliyev parkında Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzülərək əziz xatirəsi hörmətlə anılmışdır.