Xızı rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Oktyabrın 20-də Xızı şəhər Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə dərin hörmətlə yad ediblər.
Sonra tədbir iştirakçıları Xızı Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər.
Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Ayaz Quliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçmişdir: “Azərbaycan xalqı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasəti tam dəstəkləyir. Qazanılan nailiyyətlər Azərbaycanın milli gücünün artmasını şərtləndirir” ,- deyən Ayaz Quliyev YAP Xızı rayon təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edib ki, hazırda ərazi partiya təşkilatlarının sayı 37, üzvlərinin sayı 1717 nəfərə çatıb.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov bildirib ki, ölkədə YAP-a rəqib ola biləcək siyasi qüvvə yoxdur. Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası şərəfli inkişaf yolu keçərək bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır.
YAP İdarə Heyətinin üzvü Elnarə Akimova bildirib ki, partiyamızın fəaliyyətinin əsasında Heydər Əliyev ideyaları dayanır. YAP-ın Azərbaycan xalqının çətin sınaqlarla üz-üzə qaldığı bir dövrdə yarandığını xatırladan Elnarə Akimova qeyd edib ki, həmin dövrdə Ulu Öndər Heydər Əliyev tarixi missiyanı öz üzərinə götürərək dövlətçiliyimizi məhv olmaqdan xilas etdi. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası davamlı olaraq inkişaf edir. Ötən il keçirilən VII qurultay isə partiyamızın həyatında yeni mərhələnin əsasını qoyub.
Milli Məclisin deputatı Müşfiq Məmmədli də çıxışında YAP-ın ölkəmizin ictimai-siyasi həyatında müstəsna rolundan danışaraq partiyamızın alternativsiz siyasi qüvvə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün sıralarında 800 minə yaxın insanı birləşdirən partiyamız öz gücünü xalqdan alır.
Tədbirdə, həmçinin YAP Xızı rayon təşkilatının fəal partiya üzvü Svetlana Rüstəmova və Rayon Ağsaqqallar Şurasının sədri, partiyanın fəal üzvü Arif Nağıyev çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan ətraflı bəhs ediblər. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib tərəqqi yoluna çıxardığı Azərbaycan hazırda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə qalib və qüdrətli ölkəyə çevrilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.