Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda "Zəfər Günü" münasibətilə tədbir keçirilib.

04 noyabr 2024 | 14:56

Xızı rayonunda "Zəfər Günü" münasibətilə tədbir keçirilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsi və Uşaq-Gənclər İnkişaf Mərkəzləri tərəfindən “Zəfər yaraşan Azərbaycanım” adlı konsert proqramı təşkil edilib. Bu tədbir, Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Təhsil İdarəsi və Abşeron, Xızı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Xızı şəhərindəki Heydər Əliyev Mərkəzinin önündə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini yad ediblər. Daha sonra Şəhidlər xiyabanını ziyarət edərək Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsini anıblar. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin İctimai -siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abdulla Hüseynov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron-Xızı Regional Məşğulluq İdarəsinin müdiri Əbdül Bayramov, şəhid ailələri və qazilər, həmçinin Xızı rayonu ərazisində fəaliyyət göstərən ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Xızı məktəblilərinin əl işlərindən ibarət “Zəfər yolu” adlı rəsm sərgisi ilə başlayıb.

Çıxışlarda Zəfər Gününün Azərbaycan xalqı üçün əhəmiyyətindən, 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatmasının Azərbaycan ordusunun və xalqının birliyinin simvolu olduğundan danışılıb. Prezident İlham Əliyevin liderliyi ilə əldə olunan zəfərin tarixdə əbədi qalacağı vurğulanıb.

Tədbir çərçivəsində şəhid Elməddin Cəfərovun anası Zəhra xanım Cəfərova və Qazi Kamran Baxışzadə çıxış edərək, şəhidlərimizin və qazilərimizin göstərdiyi qəhrəmanlıq və xalqımıza verdikləri töhfələrdən bəhs ediblər.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abdulla Hüseynov bildirib ki, Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan və Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyatlardan biridir.O qeyd edib ki,
Erməni şovinistlərinin Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdikləri etnik təmizləmə siyasətinin qarşısının alınması ilə bağlı tarixi missiya uğurla yerinə yetirilib və tarixi ədalət bərpa olunub.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva isə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda göstərilən fədakarlığa görə təşəkkür edib və gənclərin vətənpərvərlik ruhunun artırılması üçün bu cür tədbirlərin önəmini vurğulayıb.

Tədbirin bədii hissəsində Abşeron rayonunun Uşaq-Gənclər İnkişaf Mərkəzi və Xızı məktəblilərinin iştirakı ilə “Zəfər rəqsi”, “Qarabağ Azərbaycandır!”, "Zəfər mahnısı" kimi musiqi və rəqs nömrələri, "Böyük Qayıdış" şeir kompozisiyası təqdim olunaraq iştirakçılara duyğusal anlar yaşadılıb. Tədbir, şagirdlərin ifasında müxtəlif musiqi və şeir nömrələri ilə yekunlaşıb.

Sonda tədbir iştirakçılarına və qonaqlara təşəkkür bildirilib və Zəfər Günü münasibətilə bu əlamətdar günün xalqımızın yaddaşında daim yaşayacağı bir daha vurğulanıb.

Keçidlər