Xızı rayonunda“Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.
27 noyabr 2025-ci il tarixdə Xızı Rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli“ çərçivəsində Xızı rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının Xızı rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Qərbi Azərbaycan İcmasının Xızı rayonu üzrə nümayəndəliyinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü və suverenliyin bərpası uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin həyatında üç mühüm dönüş nöqtəsinin tarixi əhəmiyyətini ifadə edir. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir.
Müasir Azərbaycanın tarixi Ulu Öndər Heydər Əliyevin milli qurtuluşun və davamlı inkişafın təcəssümünə çevrilmiş fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Ulu Öndər xalq və vətən yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır. Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. Onun ölməz ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq.
Çıxışında 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın mürəkkəb çağırışlar qarşısında qalmasını vurğulayan Abdulla Hüseynov Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğal edilməsi, milli həmrəyliyin pozulması, separatizm meyillərinin güclənməsi, vətəndaş müharibəsi təhlükəsinin yaranması müstəqil dövlətimizin varlığını ciddi təhlükə altına almışdı. Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, xalqın iradəsi ilə Prezident seçilməsi destruktiv proseslərin və hadisələrin qarşısını almağa, ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi. Vurğulanıb ki, Heydər Əliyev millətin taleyi üçün məsuliyyəti üzərinə götürdü və sarsılmaz iradəsi, zəngin dövlətçilik təcrübəsi və siyasi nüfuzu sayəsində qardaş qırğınının qarşısını almağa, xalqı Azərbaycançılıq ideyası ətrafında birləşdirməyə, dövlət müstəqilliyimizi xilas etməyə nail oldu.
Daha sonra tədbirdə çıxış edənlər bildiriliblər ki, Ümummilli Liderin siyasi irsini, uzaqgörən müstəqil, demokratik dövlətçilik strategiyasını ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər yüksək qiymətləndirilir. Qeyd olunub ki, dövlətin iqtisadi gücünün, siyasi nüfuzunun artırılması, beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, xalqın rifahının yaxşılaşdırılması ölkə rəhbərinin siyasətinin əsas istiqamətlərini təşkil edir.
Sonda “Ümummilli Lider Heydər Əliyev Müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” adlı video-slayd nümayiş etdirilib.






