“Xocalı - Səssiz Qurbanların Səsi” mövzusunda tədbir keçirilib.
25 fevral 2026-cı il tarixində Xızı Rayon İcra Hakimiyyətinin, R.İsmayılov adına Xızı şəhər tam orta məktəbinin, YAP Xızı rayon təşkilatının, Qərbi Azərbaycan İcması Xızı rayon təşkilatının və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayon sektornun birgə təşkilatçılığı ilə R.İsmayılov adına Xızı şəhər tam orta məktəbində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı - Səssiz Qurbanların Səsi” mövzusunda tədbir keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin şagird və müəllim kollektivi iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, ilk öncə, vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqələik sükütla yad edilib.
Tədbiri giriş sözü ilə Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Abdulla Hüseynov açaraq Xocalı soyqırımının həqiqətlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. O qeyd etdi ki, bu qanlı faciənin törədilməsində məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi.
Bu faciə Ermənistanın əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağı özünə birləşdirib “Böyük Ermənistan” dövləti yaratmaq ideyasını reallaşdırmaq uğrunda apardığı qanlı mübarizənin dəhşətli nəticələrindən biri olub.
Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. Azərbaycan xalqı yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirdi. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20 tarixlərində Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Biz Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik” fikirləri bir daha bu çağırışı edir ki, Xocalı soyqırımını unutmadıq, unutmuruq, unutmayacağıq!
Bu gün Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından qürurla bəhs edirik. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!
Daha sonra mövzu ətrafında xalqımıza qarşı yönəldilmiş qəddar və qeyri-insani vəhşilik aktı, bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması yolunda atılmış addımlar və hazırda işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Xocalıda aparılan yenidənqurma işləri, “Böyük Qayıdış” haqqında geniş məruzə və çıxışlar dinlənilib.
Sonda “Xocalı nişanəsi” adlı videoçarx və R.İsmayılov adına Xızı şəhər tam orta məktəbin şagirdlərinin hazırladığı səhnəcik və şeirlərdən ibarət kompozisiya təqdim edilib.






