“Xocalı soyqırımı - qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib.
25 fevral 2025-ci il tarixində Xızı Rayon İcra Hakimiyyəti, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin Xızı rayon sektorunun birgə təşkilatçılığı ilə Xızı Rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı - qan yaddaşımızdır” mövzusunda tədbir keçirilib. Tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbinin şagird və müəllim kollektivi iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, ilk öncə, vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqələik sükütla yad edilib.
Tədbirdə Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseynov çıxışında Xocalı soyqırımının həqiqətlərini tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, bu qanlı faciənin törədilməsində məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək idi. Bu faciə Ermənistanın əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağı özünə birləşdirib “Böyük Ermənistan” dövləti yaratmaq ideyasını reallaşdırmaq uğrunda apardığı qanlı mübarizənin dəhşətli nəticələrindən biri olub.
Daha sonra mövzu ətrafında xalqımıza qarşı yönəldilmiş qəddar və qeyri-insani vəhşilik aktı, bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması yolunda atılmış addımlar və hazırda işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən Xocalıda aparılan yenidənqurma işləri, “Böyük Qayıdış” haqqında geniş məruzə və çıxışlar dinlənilib.
Sonda R.İsmayılov adına Xızı şəhər tam orta məktəbin şagirdlərinin hazırladığı səhnəcik və şeirlərdən ibarət kompozisiya təqdim edilib.