Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar rayon “Şəhidlər Xiyabanı” memorial abidə kompleksi ziyarət edilib.

26 fevral 2025 | 12:22
Xalqımızın tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi kimi daxil olmuşdur. Həmin gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və dinc sakinlərə amansızcasına divan tutuldu. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Əsasən qadın və uşaqlardan ibarət əhalinin qalan hissəsi dağlarda təqibdən gizlənən zaman donvurma nəticəsində həlak oldular. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailənin həyatına son qoyulmuş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilmiş, 487 dinc Xocalı sakini ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının sədri Ayaz Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri rayon “Şəhidlər Xiyabanı” memorial abidə kompleksini ziyarət etmişlər. Tədbir iştirakçıları Xocalı faciəsinin qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad etmişlər.
#XocalıyaƏdalət #XocalıSoyqırımı #JusticeforKhojaly #KhojalyGenocide
Keçidlər