Şriftin ölçüsü :

Saytın rəngi :

Xızı rayonunda “20 Yanvar Ümumxalq hüzn günü”nün 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

17 yanvar 2020 | 16:00

   Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. Otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub. Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar. Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib. “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
   Xızı rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar - Ümumxalq Hüzn Günü  ilə əladədar tədbir keçirilmişdir.  İlk olaraq Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canından keçənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Jalə Süleymanova çıxış edərək Qanlı 20 Yanvar gününün – müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi olduğunu, o ərəfədə baş vermiş faciəli hadisələrin XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olmasını, 1990-cı ilin yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin müdhiş gecədə həlak olan vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifə yazdıqlarını, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdıqlarını və bugünkü gün dövlətimizin, Prezidentimizin Qarabağ və işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpa olunması istiqamətində apardığı siyasətdə qətiyyətli addımlarını xüsusi vurğulamışdır. Tədbir  R.İsmayılov adına Xızı şəhər  tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya  ilə davam etmişdir. Sonda 20 Yanvar hadisələri ilə əlaqədar sənədli film nümayiş etdirilmişdir.

Keçidlər