Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun videokonfrans vasitəsilə Zirvə görüşü keçirilmişdir.

13 may 2020 | 16:00

Bəşəriyyət aylardır amansız düşmənlə-COVİD-19 pandemiyası ilə sözün əsl mənasında “ölüm və olum” savaşı, varolma mübarizəsi aparır. Bu ümumbəşəri bəlaya qarşı hər bir dövlət əsasən öz sərhədləri və imkanları çərçivəsində mübarizə aparır. Azərbaycan bu mübarizənin ön sıralarındadır və Prezident İlham Əliyevin rəhbərliyi, qətiyyəti, iradəsi və uzaqgörən siyasəti  sayəsində ölkəmiz pandemiyaya qarşı mübarizədə uğur qazanıb, görülən qabaqlayıcı tədbirlər nəticəsində yoluxmanın kütləvi və sürətli yayılmasının qarşısı alınıb. Prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, COVİD–19 pandemiyasına qarşı görülmüş qabaqlayıcı tədbirlərə görə Azərbaycan nümunəvi ölkə kimi dəyərləndirilir.
    Tarix hər zaman  bir həqiqəti təsdiqləyib ki, pandemiya ilə  mübarizədə ümumi düşmənə qarşı qlobal əməkdaşlıq və birgə səyləri birləşdirməklə qalib gəlmək mümkün olacaqdır. Bu mənada  Azərbaycanın  öncüllüyü diqqəti çəkir.
   Türk Dilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans  formatında keçirilən Zirvə görüşü COVİD-19 pandemiyası ilə mübarizədə beynəlxalq və regional əməkdaşlığa ilk və ciddi çağırış oldu. Zirvə görüşünə qatılan dövlət başçıları Azərbaycan Prezidentinin bu təşəbbüsünü və liderliyini yüksək qiymətləndirdilər. COVİD–19 pandemiyasına qarşı mübarizədə ölkəmiz əldə etdiyi təcrübəni dünya birliyi ilə paylaşmağa hazır olduğunu bəyan  etməklə humanizm, həmrəylik, birgəyaşayış, birlik və bərabərlik mesajlarını verdi.
    Dünya birliyinin etbarlı tərəfdaşı  kimi beynəlxalq  öhdəliklərinə çox ciddi və məsuliyyətlə yanaşıb sadiq qalan  Azərbaycan növbəti dəfə dünya ictimaiyyətinin diqqət mərkəzinə düşmüşdür. Belə ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi hərəkatın 1996- cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qaşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.  Əslində, bu bir təsadüf deyildir, 2019-cu ilin oktyabr ayının 25-26 – da Qoşulmama Hərəkatının Bakıda keçirilmiş XXVIII sammitində  Azərbaycan təşkilatın sədri seçildiyi zaman  prezident İlham Əliyev bildirmişdir ki, təşkilata sədrlik etdiyi dövrdə “Bandunq prinsiplərini” əsas götürəcək və beynəlxalq tədbirlərdə təşkilatı təmsil edəcəkdir.
    Qoşulmama Hərəkatının  bütün üzv dövlətləri tərəfindən yekdilliklə dəstəklənən, təqdir olunan bu təşəbbüs koronavirusa qarşı beynəlxalq əməkdaşlıq istiqamətində Azərbaycanın liderliyinin daha bir nümunəsidir. May ayının 4-də Təmas Qrupu  formatında videokonfrans vasitəsilə “COVİD – 19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşündə coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələr təmsil olunmuşdur. Qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının qatıldıqları videokonfransda BMT-nin Baş katibinin, BMT Baş Assambleyasının prezidentinin, Afrika İttifaqının  sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun, Avropa İttifaqının ali nümayəndəsinin iştirakı bir daha Azərbaycana və onun liderinə olan böyük inamın göstəricisidir. Xüsusilə Avropa İttifaqı rəsmisinin Zirvə görüşünə qatılması və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfə baş verdi. Məhz müstəqil Azərbaycan, onun nüfuzlu lideri İlham Əliyev pandemiya şəraitində koronavirus təhlükəsi zamanı dövlətlər, xalqlar, mədəniyyətlər, coğrafiyalar arasında körpü qurmaq təşəbbüsünü irəli sürməklə qlobal işbirliyinin və həmrəyliyinin mümkünlüyünü nümayiş etdirməklə  daim bir–biriləri ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə  Avropa İttifaqını bir araya gətirməyə nail oldu. Bu gün bariz şəkildə Qoşulmama Hərəkatının fikir mübadiləsi, beynəlxalq əməkdaşlıq və həmrəylik üçün səmərəli platformaya çevirildiyinin şahidi oluruq.
   Prezident İlham Əliyev COVİD – 19 qlobal pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini, heç bir ölkənin bundan sığortalanmadığını, ancaq qarşılıqlı dəstək, özünəqapanmama və yalnız birgə səyləri birləşdirərək, dünya birliyinin birgə mübarizəsi sayəsində COVİD-19-a qalib gəlməyin mümkünlüyünü diqqətə çatdırdı. Çünki qlobal pandemiyaya qarşı mübarizədə dövlətlərin yalnız öz sərhədləri daxilində qalib gəlmələrinin qeyri-mümkünlüyü indi daha bariz surətdə görünməkdədir.
    Bu fakt xüsusi olaraq vurğulanmalıdır ki, hazırda insanpərvərliyə, humanizmə, xeyirxahlığa, qlobal liderliyə ehtiyac duyulduğu bir şəraitdə və vaxtda Prezident İlham Əliyev Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və   dünyanın ayrı-ayrı qitələrindən müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələrini bir araya gətirməyə nail oldu.
    Azərbaycan bir daha təsdiq etdi ki, quruma sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir.
    Azərbaycan  pandemiyadan əziyyət çəkən ölkələrlə özünəməxsus həmrəylik də nümayiş etdirdi. Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya, İspaniya, ABŞ, Türkiyə, Gürcüstan və digər ölkələrin dövlət bayraqlarının, həmçinin beynəlxalq təşkilatların bayraqlarının proyeksiya olunması xeyirxah məram kimi rəğbətlə qarşılandı.
    Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qlobal həmrəyliyin və əməkdaşlığın nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVİD–19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxışı məntiqi sonluq olaraq  hazırki şəraitdə qlobal liderliyə ehtiyacın duyulduğu bir  vaxtda həqiqi liderliyi nümayiş etdirdiyinin bariz sübutudur.
    Beləliklə, dünyanın həmrəyliyə və birliyə ehtiyacı olduğu zamanda Azərbaycan koronavirusla mübarizədə öz töhfəsini verəcək beynəlxalq görüş təşkil etdi. Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, “Əminəm ki, bu gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən  dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcəkdir”.

Keçidlər