Şriftin ölçüsü :

Saytın rəngi :

Prezidentin AŞPA-nın qərəzli mövqeyi ilə bağlı fikirləri hər birimiz üçün xəbərdarlıqdır

08 iyun 2020 | 16:00

Avropa Şurası, Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi qurumların Azərbaycana qarşı mövqeyi anlaşılan deyil. Adıçəkilən qurumlar hər zaman ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirir, həqiqətləri görməkdən yan keçirlər. Prezident İlham Əliyev hər zaman çıxış və nitqlərində bu məsələyə diqqət çəkib və bizə qarşı sistemli və məqsədli şəkildə işləyən qüvvələrin mövcudluğu barədə xəbərdar edib. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidentinin cəbhəboyu rayonlara səfəri zamanı səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir və aktuallığı ilə diqqət çəkir. AŞPA hər zaman bizim əzəli və əbədi düşmənimiz olan ermənilərlə iş birliyində fəaliyyət göstərir. Onlar birgə səylər əsasında Azərbaycanı gözdən salmağa çalışırlar. Prezident İlham Əliyevin də vurğuladığı kimi Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. Ölkəmizə qarşı irəli sürülən bütün ittihamlar əsassızdır və biz bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq.Azərbaycan Prezidentinin AŞPA-nın qərəzli mövqeyi ilə bağlı fikirləri hər birimiz üçün xəbərdarlıqdır. Hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalı, bu məsələ ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bu istiqamətdə təbliğat və təşviqat işləri gücləndirməlidir. Prezident İlham Əliyev Tərtər, Ağcabədi və Ağdam rayonlarına səfəri zamanı sakinlərlə görüşlərində dönə-dönə vurğuladı ki, ermənipərəst qüvvələrin ölkəmizə yanaşma tərzi və respublikamız haqqında fikirləri yalan və uydurmadan başqa bir şey deyil və bu qüvvələr Azərbaycanda olan reallıqları görmək istəmirlər. Çünki bizi gözləri götürmür. Reallıqlar isə ondan ibarətdir ki, Azərbaycan müstəqil daxili və xarici siyasət yürütməklə dünyada sülh və təhlükəsizliyin qorunmasına öz töhfəsini verir. Qlobal pandemiya dövründə baş verən proseslər və Azərbaycan Prezidentinin təşəbbüsü ilə bir-birinin ardınca keçirilən Zirvə görüşləri, burada səsləndirilən fikirlər bunu bir daha sübut etdi. Dövlətimizin başçısı Zirvə görüşlərindəki çıxışlarında dünya ölkələrinə səslənərək bildirdi ki, belə çətin dövrdə bir-birinə arxa çevirmək yox, dayaq olmaq lazımdır. Pessimizmə qapılmaq deyil, irəliyə baxmaq, vəziyyətdən çıxış yolu tapmaq gərəkdir. Həm Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, həm də Qoşulmama Hərəkatının üzv dövlətlərinin rəhbərləri, dünyanın tanınmış liderləri Azərbaycan Prezidentinin humanist təşəbbüsünü alqışladılar və ona minnətdarlıqlarını ifadə etdilər. Yaddan çıxarmayaq ki, bizim uğurlarımızı istəməyən qüvvələr hər zaman bizə qarşı qarayaxma kampaniyası aparırlar. Cəbhəyanı ərazilərdə yeni tikililərin inşası onu deməyə əsas verir ki, biz öz torpaqlarımızda möhkəmlənirik və tezliklə işğal altındakı ərazilərimizi azad edərək orada tikinti-bərpa işlərini aparacağıq. Yeni tikililərin inşası həm də regionlarda yeni iş yerlərinin açılması, insanların kənddən şəhərə axınının qarşısının alınması deməkdir. Azərbaycan Prezidentinin Avropa Şurası və AŞPA ilə bağlı söylədiyi fikirlər bir daha onu deməyə əsas verir ki, ölkəmiz heç vaxt bədxahların diktəsi ilə oturub-durmayacaq və heç bir qüvvə bizə mane ola bilməz. Bunun üçün də daxildə sabitlik təmin olunmalı, ölkədə mövcud olan sosial platforma, dialoq məfkurəsi daha da genişləndirməlidir. Bədxah qüvvələrlə mübarizə aparmaq üçün uğurlarımızı daha da artırmalı və onlara tutarlı cavab vermək üçün hazırlıqlı olmalıyıq

Keçidlər