Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasından 99 il ötür. 10 may 1923-cü ildə Naxçıvan şəhərində dünyaya göz açan Heydər Əliyev şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edərək dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanmışdır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ Ulu Öndərin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılmışdı. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi ümummilli lider Heydər Əliyevin ən mühüm xidmətlərindən biri olmuşdur. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilməlidir. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Heydər Əliyev gələ bilmişdir. "Qoy ədalət zəfər çalsın!" – o zaman Heydər Əliyevin söylədiyi və bütün işlərinin mahiyyətini təşkil edən bu sözlər xalqın dilində şüara çevrilmişdi.
Sonralar Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması qürurverici hadisə olmuş, Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi Azərbaycan üçün xüsusilə böyük önəm kəsb etmişdir. Heydər Əliyev artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail olmuşdur. Lakin sonralar baş verən məlum hadisələr, Mixail Qorbaçovun siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə qarşı həsəd və qısqanclıq hislərinin baş qaldırması, Azərbaycan əleyhinə çirkin niyyətlərin həyata keçirilməsi Ulu Öndərin vəzifədən uzaqlaşdırılması ilə nəticələnmişdir.
Onun istefa verdiyi vaxtdan - 1987-ci ilin oktyabrından 1993-cü ilin iyununda növbəti dəfə hakimiyyətə qayıdışınadək olan dövrdə ölkəmizdə yaranmış özbaşınalıq, anarxiya və xaosun iqtisadiyyatımıza vurduğu zərbə və dövlət müstəqilliyimizin itirilməsinə zəmin yarada biləcək digər təhlükələr yalnız dahi şəxsiyyət Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra müsbətə doğru dəyişməyə başlamış, bununla da Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuşdur. 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmiz onu itirmək təhlükəsi qarşısında qalmışdı. Ölkədə müharibə gedir, idarəçilik isə yox dərəcəsində idi. Yeganə nicat yolunu Heydər Əliyevin qayıdışında görən Azərbaycan xalqı onu təkidlə hakimiyyətə çağırırdı. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının iradəsinə tabe olan Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürmüşdü. Bu, sözün əsil mənasında, «ömrümün qalan hissəsini də xalqıma bağışlayıram» deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etmişdir.
Ümummilli liderin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmış, müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınaraq ölkədə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Azərbaycanın xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır. 1994-cü ilin mayında Heydər Əliyev cəbhədə atəşkəs elan edilməsinə nail olmuş, həmin ilin sentyabr ayında Bakıda “Əsrin müqaviləsi” adını almış neft müqaviləsinin imzalanması, Bakı-Supsa netf boru kəmərinin tikilib istifadəyə verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilənin imzalanması nəticəsində Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılmışdır. O, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirmiş, onun müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Onun uğurlu xarici siyasəti nəticəsində Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında “xüsusi qonaq” statusu almış, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olmuşdur.
Onun hakimiyyəti dövründə insan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində bütün əsas beynəlxalq konvensiyalara qoşulmuş, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulmuş, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edilmiş, əfv və amnistiya institutları geniş tətbiq edilməyə başlanmışdı.
Müstəqilliyimizin on ili - 1993-2003-cü illər ərzində dahi Heydər Əliyev düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəlmiş, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etmiş, Azərbaycanın gələcək inkişafının strateji hədəflərini müəyyən etmişdir. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl və potensial rolunu oynamışdır.
Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratmışdır. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da təqdim etmişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Bu gün Ümummilli Liderin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz praqmatik və müdrik siyasəti ilə ölkəmizi irəli aparır. Ulu öndərin adını daşıyan Heydər Əliyev Fondu da xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti ilə ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verir. Fondun reallaşdırdığı çoxsaylı layihələr, həyata keçirdiyi tədbirlər öz müsbət nəticələrini verməklə xalqımızın Heydər Əliyev ocağına olan sevgisini daha da gücləndirir.
Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Öz dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.