Rayon haqqında
Xızı rayonu Azərbaycanın şimal-şərqində yerləşir və Respublikamızın paytaxtı Bakı şəhərinə ən yaxın dağlıq rayondur.Ərazisi 1.67 min kv.km., əhalisi 17075 nəfərdir(01.01.2020-ci il tarixə)
Abşeron iqtisadi rayonuna daxildir.İqlim şəraiti mülayimdir və quru havaya malikdir. Rayon ərazisində sahəsi 110,35 kv.km sahəsi olan Altıağac Milli Parkı fəaliyyət göstərir.
Xızı ilə əlaqədar olaraq bir çox mənbələr,o cümlədən Ərəb mənbələri Xızıda yaşayanları ”Əhli Xizon”, yəni Xızı əhalisi adlandırır. Orta əsr tarixçiləri Xızı əhalisini eyni zamanda Bərməklilər, onun ərazisini Bərmək mahalı adlandırırlar.Tarixçilərdən başqa ədəbiyyatşünasların da tədqiqatlarında Xızı haqqında məlumatlara rast gəlirik. Görkəmli folklorşünas alim, professor Məmmədhüseyn Təhmasibin “Xalq dastanları” adlı monoqrafiyasında Qafqaz dastanı olan “Nərd” dastanında (bu dastanın mövcudluğu eramızdan əvvəl XIII əsrə təsadüf edir) Xızı və Xızıqala haqqında məlumat verilir.
Tarixi faktlara nəzər saldıqda, tarixçilərdən mənbələr içərisində A.Bakıxanovun “Gülüstani irəm” əsərinin adını xüsusilə çəkmək lazımdır. Onun əsərində Quba xanlığının “Xızı bərmək” mahalı haqqında dəyərli məlumatlar verilir.Tarixçi Qiyasəddin Qeybullayevin “Azərbaycanın etnik tarixinə dair” monoqrafiyasında və digər əsərlərində 644-cü ildə aran dövləti ilə Xızonşahlıq (Xızı şahlığı) Xızı məmləkəti arasında bağlanan müqavilədən bəhs olunur.Ərəblərin Xızonşahlığa gəlmələri haqda maraqlı mçateriallara akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” adlı monoqrafiyasında rast gəlmək olur.
Xızı adının mənşəyi və lüğəti mənası yerli xalqın xarakterinə görə öz əksini tapmışdır.Xızının lüğəti mənası tez duran, tez oyanan, tez qalxan, məcazi mənası isə zirək, cəld deməkdir.
Xızı rayonu 1930-cu ilə kimi Bakı Sovetinin tərkibində olmuş, sonra müstəqil rayon kimi fəaliyyətə başlamışdır. O zaman rayonun 72 kəndi, 24 minə yaxın əhalisi olmuşdur. Sonradan rayonlaşmalarla əlaqədar 1940-cı illərdə Siyəzən rayonu təşkil olunanda rayonun Giləzi, Ağ Siyəzən, Zərgərli və sairə sovetlikləri Siyəzən rayonunun tərkibinə daxil olmuşdur. Həmin dövrdən Dağ Quşçu, Ərziküş, Qızılqazma və sair sovetliklər Xızı rayonunun tərkibinə daxil olmuşdur. 1947-ci ildə Xızı rayonunda 60 kənd, 53 kolxoz, 14 sovetlik olmuşdur.Əhalisi isə 14647 nəfər təşkil etmişdir.Rayon 1956-cı ilə qədər fəaliyyət göstərmiş, 1956-cı ilin axılrında Sumqayıta birləşdirilmişdir. 1963-cü ildə Abşeron rayonu təşkil olunur və Xızı zonası həmin rayonun tərkibinə verilir.
Nəhayət 1990-cı ilin aprel ayında Xızı rayonu yenidən bərpa olunur.Mərkəzi Xızı şəhəridir.Rayonda 1 şəhər, 3 qəsəbə, 25 kənd mövcuddur.
Xızı rayonu dağ və dağətəyi zonalara malikdir.Dağlıq zonanın zirvəsi dəniz səviyyəsindən 2205 metr hündürlükdə yerləşən “Dübrar” (İkiqardaş) dağıdır.Rayon eko və etno turizmin inkişafı üçün münasibdir.Rayonun dağətəyi-aran ərazisi ilə Xəzər dənizinin 30 km-lik sərhəddi vardır