Azərbaycan Respublikası Xızı Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası Azər Əlizadənin sədrliyi ilə “Yaşma Quşçuluq” MMC-nin direktoru Emin Bəxtiayrovun Xızı rayonu, Qızıldərə adlandırılan ərazidə MMC-nin icarəsində olan 7,5 hektar torpaq sahəsində yem sexinin (anbarın) tikintisinə icazə verilməsindən imtina edilməsi barədə Şuranın 07.04.2016-cı il tarixli, 01 nömrəli qərarının Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası tərəfindən ləğv edilərək yenidən baxılması üçün Azərbayacan Respublikası Xızı Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasına göndərilməsi ilə bağlı məsələyə baxaraq
Müəyyən etdi:
“Yaşma Quşçuluq” MMC Xızı rayon İcra Hakimiyyətinin Apellyasiya şurasına şikayət verərək Xızı rayon İcra Hakimiyyətinin Xızı rayonu, Qızıldərə adlandırılan ərazidə MMC-nin icarəsində olan 7,5 hektar torpaq sahəsində yem sexinin (anbarın) tikintisinə icazənin verilməsinə dair imtinanın qanunsuz sayılması, tikintiyə icazə verilməsi vəzifəsinin Xızı Rayon İcra Hakimiyyətinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
Xızı Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurası 07.04.2016-cı il tarixli, 01 nömrəli Qərarı ilə şikayət təmin edilməmişdir.
Sahibkar E.Bəxtiyarov Xızı rayon İcra Hakimiyyətinin Apellyasiya şurasının qərarını əsassız hesab etdiyindən, ondan Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət etmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının 01.06.2016-cı il tarixli, 4 nömrəli qərarı ilə İnzibati icraatın təməl prinsiplərindən biri olan qərəzsizlik prinsipi işə baxılarkən pozulduğundan, yəni şikayətçinin rayon icra hakimiyyətinə ünvanladığı iki müraciətdə eyni məzmunlu rəsmi imtina cavabları verən həmin dövrdə rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Azər Əlizadə hazırda Apelyasiya şurasının sədri olmasına baxmayaraq, buna borclu olduğu halda özü-özünə etiraz etmədiyindən, həmçinin Xızı Rayon İcra Hakimiyyəti MMC-nin çoxsaylı müraciətlərinə əsasən məqbul hesab edilən digər torpaq sahələrində yem sexinin tikintisinə icazə verilməsinin mümkünlüyü məsələsini araşdırmadığından Xızı Rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasının 07.04.2016-cı il tarixli, 01 nömrəli Qərarı ləğv edilmişdir.
Yuxarıda qeyd olunanlara əsasən şikayətdə nəzərdə turulmuş bütün hallar yenidən tam, hərtərəfli, obyektiv araşdırılmalıdır. Yenidən araşdırma aparılarkən hazırda Xızı rayonunda kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər kateqoriyalara aid, istifadədə, icarədə olmayan kənd təsərrüfatına yararsız dövlət torpaqlarının mövcud olması, həmin torpaqlardan şikayətçinin qeyd etdiyi yem sexinin tikintisi üçün sahənin ayrılmasının mümkünlüyü dəqiq müəyyən edilməlidir.
Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının 01.06.2016-cı il tarixli, 4 nömrəli qərarı rəhbər tutularaq,
Qərara alındı:
1. “Yaşma Quşçuluq” MMC-nin direktoru Emin Bəxtiyarovun şikayəti Xızı Rayon İcra Hakimiyyəti tərəfindən yenidən araşdırılsın.
2. Xızı rayonunda kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər kateqoriyalara aid, istifadədə, icarədə olmayan kənd təsərrüfatına yararsız dövlət torpaqlarının mövcud olması, həmin torpaqlardan şikayətçinin qeyd etdiyi yem sexinin tikintisi üçün sahənin ayrılmasının mümkünlüyü dəqiq müəyyən edilsin.
3. Xızı rayon İcra Hakimiyyəti tərəfindən araşdırmanın nəticəsi ilə bağlı Xızı rayon İcra Hakimiyyətinin Apellyasiya Şurasına məlumat verilsin.
Xızı rayon İcra Hakimiyyətinin
Apelyasiya Şurasının sədri: Azər Əlizadə