İcra Hakimiyyəti
Fəaliyyət
2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə
həsr olunmuş yığıncaqda Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanovun
H E S A B A T I
Bildiyiniz kimi 13 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının yanında 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.
Dövlətimizin başçısı müşavirəni giriş nitqi ilə açaraq dünyanın demək olar ki, bütün yerlərində gərginliyin artdığı, qanlı toqquşmaların, müharibələrin, kütləvi etiraz aksiyalarının müşahidə olunduğu bir dövrdə Azərbaycan xalqının iradəsi sayəsində ölkəmizdə siyasi və iqtisadi sahələrdə sabitliyin təmin edildiyini vurğulayaraq, 2019-cu ilin ölkəmiz üçün uğurlu il olduğunu, ilin əvvəlində qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini, ölkəmizin dayanıqlı inkişafının təmin olunduğunu və beləliklə, həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurların əldə edildiyini qeyd etmişdir.
Keçən il Azərbaycanda ölkəmizin dünyadakı mövqeyini əks etdirən və daha da möhkəmləndirən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü, Qoşulmama Hərəkatının Zirvə Görüşü, Dünya dini liderlərinin II Zirvə Görüşü, UNESKO-nun Dünya İrs Komitəsinin sessiyası kimi bir neçə mötəbər beynəlxalq tədbirin keçirildiyini diqqətə çatdıran dövlət başçısı, həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak üçün il ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısının səfər etdiyini, eyni zamanda, qonşu dövlətlərin dövlət və hökumət başçıları ilə çoxsaylı önəmli görüşlərinin olduğunu və bütün bunların Azərbaycanın dünya müstəvisində çox etibarlı tərəfdaş kimi tanındığının və bizim beynəlxalq gücümüzün də ildən-ilə artdığının göstəricisi olduğunu qeyd etdi.
Cənab Prezident bu günə qədər Qobustanın və İçərişəhərin, Şirvanşahlar sarayının UNESKO-nun Dünya İrs Siyahısına daxil edildiyini geniş ictimaiyyətin diqqətinə çatdırmış, 2019-cu ildə UNESKO-nun Azərbaycanda keçirilən Dünya İrs Komitəsinin sessiyası çərçivəsində Şəki Xan Sarayının və Şəkinin mərkəzi hissəsinin bu mötəbər Siyahıya daxil edilməsini çox böyük hadisə kimi dəyərləndirmiş, Şəki Xan Sarayının bu siyahıda olmasını həm ədalətli, həm də Azərbaycanın növbəti böyük uğuru adlandırmışdır.
Ölkəmizdə aparılan, aparıcı beynəlxalq qurumlar tərəfindən təqdirlə qəbul edilən köklü islahatlar nəticəsində Dünya Bankı tərəfindən 20 ən islahatçı ölkə siyahısına salınmış Azərbaycanda 2019-cu ilin həm siyasi, iqtisadi, sosial sahələrdə, həm də kadr və struktur islahatları sahələrində dərin islahatlar ili olduğunu vurğulayan dövlət başçımız keçən il iqtisadi sahədə əldə edilmiş nəticələrin qənaətbəxş olduğunu, ümumi daxili məhsulun 2,2 faiz artdığını, qeyri-neft sektorunda bu artımın 3,5 faiz təşkil etdiyini, sənaye istehsalının 1,5 faiz, ancaq qeyri-neft sektorunda sənaye istehsalının 14 faiz, kənd təsərrüfatının təxminən 7 faiz, qeyri-neft ixracımızın 14 faiz artdığını, inflyasiyanın cəmi 2,6 faiz, əhalinin pul gəlirlərinin 7,4 faiz olduğunu, valyuta ehtiyatlarımızın 6,4 milyard dollar artaraq rekord həddə-51 milyard dollara çatdığını, xarici ticarət dövriyyəsinin müsbət saldosunun isə 6 milyard dollar təşkil etdiyini qeyd etmişdir.
Uğurlu iqtisadi siyasət nəticəsində sosial infrastrukturla bağlı böyük işlərin görüldüyünü diqqətə çatdıran cənab Prezident, 2019-cu ildə 60 tibb müəssisəsinin, kiçik və ucqar kəndlərdə 50-si modul tipli olmaqla 84 məktəbin tikildiyini və təmir edildiyini, infrastruktur layihələri üzrə elektrik enerjisi sahəsində istehsal gücü 400 meqavat olan “Şimal-2” elektrik stansiyasının istismara verildiyini, bununla paralel olaraq Mingəçevir İstilik Elektrik Stansiyasında və digər mövcud stansiyalarda aparılmış təmir-bərpa işləri nəticəsində təxminən 400 meqavat itirilmiş generasiya gücünün bərpa edilərək il ərzində 800 meqavat əlavə generasiya gücü əldə edildiyini və artıq bizim tələbatımızdan 1000 meqavat çox ixrac imkanı yaradan generasiya güclərimizin olduğunu, ölkəmizdə qazlaşdırmanın 96 faizə çatdığını, qazılmış 345 subartezian quyusunun yüzlərlə kəndin su ilə təminatını yaxşılaşdıracağını və bu il 400-dən çox subartezian quyusunun qazılacağını qeyd etdi.
Azərbaycanda mövcud olan sabitliyin, beynəlxalq mövqelərimizin möhkəmlənməsinin, ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlərin turizmin inkişafına xidmət göstərdiyini vurğulayan dövlət başçımız ötən il turist səfərlərinin rekord həddə – 3 milyon 170 minə çatdığını və bu xarici turistlər tərəfindən təkcə bank kartları ilə Azərbaycanda 1 milyard 260 milyon manat olmaqla ümumilikdə 4,3 milyard manat pul xərclədiklərini diqqətə çatdırmış, turizmin inkişafının bundan sonra da diqqət mərkəzində saxlanılmasının vacibliyini bildirmişdir.
Dövlətimizin başçısı yekun nitqində Ermənistanın baş nazirinin öz ölkəsinin dırnaqarası uğurları haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə etdiyini, onun gəldiyi qənaətə görə, Ermənistanın Azərbaycanı bir çox parametrlər üzrə qabaqladığını ifadə etməsinin heç bir əsası olmadığını, reallıqda Azərbaycanın Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqladığını qeyd edərək, bunu təsdiqləmək üçün, sadəcə olaraq, bir neçə hadisəni və bir neçə rəqəmi səsləndirmişdir:
Cənab Prezident 2016-cı ilin aprel ayında Azərbaycan dövləti və Azərbaycan Ordusunun növbəti erməni hərbi təxribatına cavab olaraq uğurlu əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini, minlərlə hektar torpağı işğalçılardan azad etdiyini və o torpaqlarda Azərbaycan bayrağının ucaldıldığını,növbəti hərbi qələbənin 2018-ci ildə təmin edildiyini, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 mindən çox hektar ərazinin işğalçılardan, erməni silahlı qüvvələrindən təmizləndiyini və Ermənistanın strateji kommunikasiyalarına tam nəzarət imkanı yaradan bir neçə önəmli strateji yüksəkliyin azad edildiyini diqqətə çatdırmış və “Global Firepower 2019” un hesabatına əsasən dünyanın ən güclü orduları reytinqində Azərbaycanın 52-ci, Ermənistanın isə 96-cı yerdə, o cümlədən hava gücü üzrə Azərbaycanın 63-cü, Ermənistanın 86-cı yerdə, tank gücü üzrə Azərbaycanın 32-ci, Ermənistanın 78-ci yerdə, dəniz gücü üzrə Azərbaycanın 67-ci yerdə olduğunu, Ermənistanda isə dəniz gücünün olmadığını geniş ictimaiyyətin diqqətinə çatdırmış və əvvəllər Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etmədiyini, bütün işlərin kimisə qabaqlamaq üçün deyil, Azərbaycan xalqı, dövləti naminə görüldüyünü, sadəcə olaraq, Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün məcburiyyət qarşısında belə bir müqayisəli təhlili Azərbaycan xalqına təqdim etdiyini bildirmişdir.
İlkin statistik məlumata əsasən ötən ilin müvafiq dövrü ilə müqayisədə 01 yanvar 2020-ci il tarixinə rayon əhalisinin sayı 152 nəfər-0,9% artaraq 17075 nəfər olmuşdur. 2019-cu il ərzində Xızı rayonu üzrə 241 doğum, 103 ölüm, 114 nikah, 29 nikahın pozulması qeydə alınmışdır. 2018-ci illə müqayisədə doğum 8 vahid, nikah bağlanması 25 vahid, nikahın pozulması 12 vahid artmış, ölüm 12 vahid azalmışdır.
Rayonda fəaliyyət göstərən yeganə siyasi partiya Yeni Azərbaycan Partiyasıdır. YAP Xızı rayon təşkilatı 40 ərazi ilk partiya təşkilatı və 1877 nəfər üzvü özündə birləşdirir ki, bunlardan 866 (46.2%) nəfərini qadınlar, 819 (43%) nəfərini isə gənclər təşkil edir. Bu il ərzində 13 nəfər Partiyaya üzv qəbul olunmuşdur ki, onlardan 6 nəfəri qadın, 11 nəfəri isə gənclərdir. Rayonda 3 qeyri hökumət təşkilatı, 9 ictimai təşkilat , 10 məscid (7-si fəaliyyət göstərir) və 10 pir vardır.
Qeyd etmək lazımdır ki, ötən il Xızı rayonunda da azad, demokratik və tam şəffaf şəkildə bələdiyyə seçkiləri keçirildi və rayon ictimaiyyəti bu siyasi kompaniyada iştirak etdi. 8912 nəfər seçicidən 2839 nəfəri, yəni 31,86 faizi bələdiyyə seçkiləri zamanı səsvermə hüququndan istifadə etdi.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrası ilə əlaqədar rayon ərazisində 2003-2019-cu illərdə həyata keçirilmiş tədbirlər nəticəsində 10968 yeni iş yeri yaradılmışdır ki, bundan 2352-i daimi, 8616-ı isə müvəqqəti və mövsümü iş yerləridir. 2019-cu il ərzində 270-i daimi, 311-i müvəqqəti olmaqla cəmi 581 yeni iş yeri yaradılmışdır.
Rayonda aparılan abadlıq-quruculuq işləri davam etdirilir. Belə ki, Xızı şəhərində 2018-ci ilin dekabr ayında tikintisinə başlanılan Xızı şəhər 1 nömrəli 420 şagird yerlik müasir tipli tam orta məktəb binası 2019-cu ilin dekabr ayında istifadəyə verilmişdir.
2019-cu ildə rayonda sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədilə yeni iş yerlərinin açılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığının icrası olaraq abadlıq və təmizlik, habelə çoxmənzilli binaların əsaslı təmiri işlərinə cəlb olunacaq müvəqqəti işçilərin saxlanılması və malların (işlərin və xidmətlərin) satın alınması həyata keçirilmiş və Sitalçay kəndində mövcud olan 2 ədəd çoxmənzilli yaşayış binasının dam örtüyü əsaslı təmir edilmişdir. .
2019-cu il ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 249 milyon 302 min 600 manat olmuşdur ki, bu da ötən illə müqayisədə 11 milyon 871 min 700 manat (5%) çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsulunun həcmi 32,4 faiz artaraq 86 milyon 714 min 100 manat, nəqliyat sektorunda əldə olunan gəlirlər təqribən 3,5 faiz artaraq 785 min manat, ticarət və pərakəndə satış 2,9 faiz artaraq 9 milyon 466 min manat, sənaye məhsulunun ümumi həcmi 14,8 faiz artaraq 7 milyon 840 min 500 manat, əsas kapitala yönəldilən investisiyalar 6,9 faiz azalaraq 144 milyon 284 min 400 manat, informasiya və rabitə xidmətlərinin həcmi isə 4,2 faiz artaraq 212 min 600 manat olmuşdur.
Ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 2018-ci illə müqayisədə 28,5 faiz artaraq 97 milyon 5 min 600 manat olmuşdur.
2019-cu il ərzində rayon büdcəsinin mədaxil proqnozu ümumilikdə 1 milyon 960 min manata qarşı faktiki 2 milyon 479 manat yerinə yetirilmişdir. Bu göstərici ötən illə müqayisədə 145 min 291 manat çoxdur. Qeyd etmək lazımdır ki, proqnozlaşdırılan illik yerli gəlir nəzərdə tutulmuş xərclərin yalnız 62,3 % faizini təşkil edir. Ümumilikdə büdcənin məxaric hissəsi 3 milyon 145 min manat dürüstləşdirilmiş proqnoza qarşı faktiki 2 milyon 782 min 106 manat və ya 88,5% icra olunmuşdur. Büdcə məxaricinin təyinata nisbətən az yerinə yetirilməsinə əsas etibarı ilə əməyin ödənişi ilə bağlı və bəzi digər xərclərin qənaəti səbəb olmuşdur. Büdcə məxaricinin əhəmiyyətli hissəsini sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi təşkil edir. Bu tədbirlərin maliyyələşdirilməsinə 1 milyon 195 min 931 manat vəsait sərf olunmuşdur ki, bu da bu tədbirlər üçün nəzərdə tutulmuş xərclərin 90,6 %-ni təşkil edir. Təhsil xərclərinə ümumilikdə 411 min 868 manat, səhiyyə xərclərinə 760 min 700 manat vəsait sərf olunmuşdur ki, bu xərclərin əsas hissəsini əmək haqqı və ona bərabər tutulan xərclər təşkil edir. İl ərzində ümumi xərclənən vəsaitin 53,6 %-ni əmək haqqı və ona bərabər tutulan xərclər təşkil etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən olan sahibkarlığın inkişafı və əhalinin işgüzar fəallığının artırılması məqsədi ilə hesabat dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Xızı rayonu üzrə 10 layihəyə cəmi 189,0 min manat güzəştli şərtlərlə kredit verilmişdir ki, həmin vəsaitlə görüləcək işlərin nəticəsində 17 yeni iş yeri yaradılmışdır.
Rayon iqtisadiyyatında kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq sahəsi əsas yer tutur.Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərindən buğda əkininin sahəsi 1256,0 hektar artaraq 3488,0 hektar, arpa əkininin sahəsi 155,0 hektar artaraq 1949,0 hektar, yem bitkiləri əkinlərinin sahəsi isə 40,4 hektar artaraq 297,0 hektar təşkil etmişdir. 2019-ci ilin məhsulu üçün rayon üzrə 3488,0 hektar buğda sahəsindən 6627,2 ton, 1949,0 hektar arpa sahəsindən isə 3313,3 ton məhsul alınmışdır. 2019-ci il üçün buğdanın hektardan məhsuldarlığı 19,0 sentner, arpanın məhsuldarlığı isə 17 sentner olmuşdur. 2020-ci ilin məhsulu üçün rayon üzrə payızlıq əkin işlərinin aparılması üçün 5800,0 hektar əkin sahəsində şum aparılmış, 3400,0 hektar sahədə payızlıq buğda, 1930,0 hektar sahədə payızlıq arpa səpini aparılmışdır.
Rayonda 01.01.2020-ci il tarixə 9228 baş iribuynuzlu (o cümlədən inək və camışlar 4911 baş), 71594 baş xırdabuynuzlu heyvan, 220 baş donuz vardır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 568 baş, xırdabuynuzlu heyvanların sayı 4134 baş azalmış, donuzların baş sayında isə dəyişiklik olmamışdır. Quşların sayı isə 572 min 632 baş artaraq 3 milyon 119 min 853 baş olmuşdur.
Hesabat dövrü ərzində 804,4 ton inək əti, 1,0 ton camış əti, 314,0 ton qoyun və keçi əti, 4709,3 ton quş əti olmaqla ümumilikdə (diri çəkidə) 5827,8 ton ət istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 843,7 ton çoxdur. Süd istehsalı 6844,8 ton, yumurta istehsalı 318 milyon 725 min ədəd olmuş, yun istehsalı isə 110,4 ton təşkil etmişdir.
Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasında müəyyən işlər görülmüşdür. Belə ki, 2019-cu il ərzində rayonda 440 baş mal-qara süni yolla mayalandırılmış və həmin mayalanmış heyvanlardan 162 baş buzov doğulmuşdur. 2019-cu il ərzində yeni doğulmuş 162 baş buzovdan 151 baş buzova görə heyvan sahiblərinə 15 min 100 manat məbləğində vəsaitin verilməsi təmin olunmuşdur.
Dövlət başçısının “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin rayon ərazisində icrası ilə əlaqədar 2007-2019-cu illərdə rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalçısına dövlət büdcəsindən (13 il ərzində) 1 milyon 424 min 127 manat 70 qəpik subsidiya verilmişdir. O cümlədən 2019-cu ildə 578 nəfər istehsalçıya cəmi 194112,9 manat məbləğində vəsaitin tam ödənilməsi təmin olunmuşdur.
Xızı Dövlət Aqrar İnkişaf Mərkəzi tərəfindən 2020-ci ilin məhsulu üçün 2019-cu ilin payızında əkilmiş əkinlərə görə dövlət yardımı veriləcək kənd təsərrüfatı məhsullarının istehsalçılarının sənədlərinin elektronlaşdırılması və əkin sahələrinin bəyan edilməsi yekunlaşmışdır.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanlar ilə təmin edilməsinə əlavə dəstək verilməsi ilə əlaqədar bəzi məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 226 nömrəli qərarı ilə təsdiq olunmuş “Dövlət vəsaiti hesabına idxal olunan damazlıq heyvanların 50% güzəştlə lizinq yolu ilə heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına satılması Qaydaları”na əsasən Xızı rayonu üzrə lizinq yolu ilə 2 baş damazlıq düyə alınmış, 5 baş damazlıq düyənin alınmasına görə rəy verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə Xızı Rayon İcra hakimiyyəti başçısının rəhbərliyi ilə yaradılmış xüsusi Qərargah tərəfindən rayonun iqtisadi potensialına uyğun həyata keçirilən tədbirlər nəticəsində 2016-2019-cu illərdə 192 ha zeytun, 190 ha badam, 80 ha qoz, 28 ha nar, 42 ha əncir, 23 ha üzüm bağı salınmışdır.
Xaçmaz Regional Qaz İstismarı İdarəsinin Xızı Xidmət Sahəsi üzrə il ərzində cari təmir işləri aparılmışdır. Belə ki, rayon ərazisində müxtəlif diametrli 2260 pm dayaqlar üzərindən düşmüş qaz xəttləri yenidən dayaqlar üzərində quraşdırılmış, 2920 pm qaz xətti xüsusi antipas boya ilə rənglənmiş, 2757 pm daşıyıcı qaz xətti yenisilə əvəz olunmuşdur.
Əhali sektoru üzrə 3703 abonent, qeyri-əhali sektoru üzrə 117 abonent qeydiyyatdadır ki, bunlardanda 2019-cu il ərzində 61 əhali və 4 qeyri-əhali abonenti yeni qazlaşdırılaraq qeydiyyata alınmışdır.
Xızı Xidmət Sahəsi üzrə 20 sərfölçmə qovşağından 19 652 474 m3 təbii qaz qəbul olunmuş, bundan 20 000 653 m3 qaz istehlakçılara, 7 419 m3 daxili təlabat üçün istifadə olunmuş və 355 598 m3 qaz itkisi (faizlə -1.8 %) olmuşdur.
İstehlak olunan təbii qazın 5 294 412 m3 əhali abonentlərinə və 14 706 241 m3 isə qeyri-əhali abonentlərinə satılmışdır. Ümumi satılan təbii qazın dəyərinə görə 3 384 863,38 manat ödəniş olunmuş (faizlə 95.0%) o, cümlədən əhali sektoruna satılan qazın dəyərindən 661 295,16 manat (faizlə 106.3 %) ödənilmişdir.
Xızı Xidmət Sahəsi üzrə təbii qazdan istifadə edən bütün abonentlər 100% sayğaclaşdırılmışdır və bunlardan 215 ədədi smart kart tipli sayğaclı abonentlərdir. Müəyyən vaxtlarda quraşdırılmış və dövrü istismar müddəti bitmiş 1302 ədəd məişət qaz sayğacı 2019-cu il ərzində yenisi ilə əvəz olunmuşdur.
Xızı rayonunda əhalinin elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə əlaqədar 2019-cu il ərzində Bəyəhmədyurd kənd TM-nə 1 ədəd RPS-250 A ayrıcı, Giləzi qəsəbəsində TM-nə 1 ədəd RPS 400 A ayrıcı quraşdırılmışdır. 110/35/6 kV Sitalçay yarımstansiyasında 50 ədəd PS-70 izolyatoru, 9 ədəd keçid izolyatoru, 10 kV Altıağac hava xəttinin Yarımca budaqlanmasına 36 dəst ŞF-10 izolyatoru, 35/10 kV Yeni-Yaşma yarımstansiyasına paylayıcı qurğunun tikilməsi üçün 6 ədəd forfor metal hissələri ilə, 3 ədəd İP 1000/0,4 izolyatoru, 66 ədəd izolyator ŞF-10, 1 ədəd yağ açarı, 4 ədəd mufta, 10 kV Ağdərə hava xəttinin Əmbizlər, Tüdar, Qasımkənd budaqlanmasına 100 ədəd ŞF-10 izolyatoru quraşdırılmışdır.
35/10 kV Yeni-Yaşma yarımstansiyasında paylayıcı qurğunun tikilməsi üçün 12 ədəd 150/5, 100/5, 50/5-ə cərəyan transformatorları, 4 ədəd yağ açarı, 2 ədəd yağ açarının altlığı üçün metal konstruksiya quraşdırılmış, 3 ədəd dayaq, 2 ədəd 35 kV 1 dövrəli anker dayaq, 10 kV Ağdərə hava xəttinə 5 ədəd dayaq basdırılmışdır. Xızı rayonu ərazisində 110/35/10 kV-luq yarımstansiyalara və TM-ə 5470 kq transformator yağı işlədilmişdir.
2019-cu ilin yanvar-dekabr aylarında Xızı Şəbəkə sahəsinin Safbulaq, Bəyəhmədyurd, Türkoba kəndində və Giləzi, Şorabad qəsəbələrində TM-də çəpərlənmə, rənglənmə, təmir bərpa işləri aparılmışdır.
2019-cu il ərzində rayon üzrə 63 mln 391 min 700 kVt/saat elektrik enerjisi satışa ötürülmüşdür. Bununda dəyəri 5 mln 597 min 600 manat təşkil etmişdir. Ümumilikdə rayon üzrə 5 mln 577 min 300 manat vəsait yığılmış və yığım 99, 6% təşkil etmişdir.
O cümlədən əhali istehlakçılarına 2019-cu il ərzində 9 mln 4 min 984 kVt/saat, dəyəri 718 min 253 manat olmaqla enerji verilmiş, 716 min 700 manat vəsait toplanmış və yığım 99,7 % təşkil etmişdir.
2020-ci ildə rayonun sosial-iqtisadi inkişafına uyğun olaraq rayonda avtomobil yollarının təmiri və asfaltlaşması istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, Giləzi-Xızı avtomobil yolunun 19000 m2 hissəsi asfalt-beton qarışığı ilə təmir edilmiş, 3850 p/m küvetləri təmizlənmiş və yenidən bərpa edilmiş, yol çiyinləri çınqıl ilə bərkidilmiş, Xızı-Xələnc-Qızılqazma, Xızı-Altıağac avtomobil yolunun bəzi hissələrində çala təmiri işi aparılmış, küvetləri təmizlənmiş, yol nişanları quraşdırılmışdır.
İl ərzində həmçinin Şorabad qəsəbə, Qarabulaq kənd, Safbulaq kənd, Ağdərə kənd avtomobil yolları avtoqreyderlə hamarlanaraq, çala təmiri işləri aparılmışdır.
Qış mövsümündə yolların avtoqreyderlə qardan təmizlənməsi, sürüşkənliyə qarşı qumun və duzun səpilməsi işləri həyata keçirilmişdir.
Bildirmək istəyirəm ki, 2019-cu il Tıxlı sakinləri üçün də düşərli il olmuşdur. Belə ki, Cənab Prezidentin imzaladığı müvafiq sərəncam əsasında Tıxlı kənd avtomobil yolu yüksək keyfiyyətlə inşa edilərək yenidən qurulmuşdur. Bununlada Tıxlı kənd sakinlərinin yol problemi birdəfəlik həll olunmuş, vətəndaşların rahat və təhlükəsiz hərəkəti təmin edilmişdir.
1 saylı Regional Sukanal İdarəsinin Xızı Sukanal sahəsi üzrə 2019-cu ildə Xızı rayonu üzrə qəsəbə və kəndlərdə ümumilikdə müxtəlif diametrli 16 ədəd siyirtmə yenisi ilə əvəz olunmuş, 30 ədəd siyirtmə təmir olunmuş, 2 ədəd elektrik mühərriki yenisi ilə əvəz edilmiş, magistral su xətləri və məhəllədaxili su şəbəkələri təmir olunmuşdur.
Xızı Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Ağdərə kəndinin 12 km-lik su xəttinin korroziyaya məruz qalmış 6 km hissəsi yenilənərək əhalinin istifadəsinə verilmişdir.
İl ərzində ümumilikdə 174 ədəd su sayğacı quraşdırılmışdır. Bundan 158 ədədi əhali abonentləri 16 ədədi isə qeyri-əhali abonentləri üçün quraşdırılmışdır.
Xızı şəhərində və Altıağac qəsəbəsində modul tipli çirkab su təmizləyici qurğunun dəmir beton konstruksiya işləri tamamlanmış və 2020-ci ilin may ayında qurğular sınaq mərhələsindən sonra istismara qəbul olunacaqdır.
2019-cu ildə ümumi satış 589 min 549 m3, ödəniş 577 min 234 manat təşkil etmişdir ki, buda yığımın 95% olması deməkdir. Ondan: qeyri əhali abonentləri üzrə satış 490 min 562 m3, ödəniş 487 min 562 manat təşkil etmişdir ki, yığım 97% olmuşdur. Əhali abonentləri üzrə satış 329 min 958 m3, ödəniş 89 min 672 manat təşkil etmişdir ki, buda yığımın 95%-ni təşkil etmişdir.
Xızı TKQ üzrə üzrə 2019-cu il ərzində müəyyən işlər görülmüşdür. Belə ki, yararsız vəziyyətdə olan 287 abunəçi xətti təmir edilmiş, 72 ədəd taxta dayaq dəmir dayaqla əvəz olunmuşdur.
Xızı şəhəri T.Özal küçəsinə gedən hava rabitə xətlərinin 120 metrlik hissəsində 6 ədəd rabitə quyusu tikilərək yeraltı kabel kanalizasiya quyularına köçürülmüş, internetin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Xızı şəhər, Giləzi, Altıağac, Şorabad qəsəbələrində və Sitalçay kəndində İSR (ayser) avadanlıqları quraşdırılmışdır.
Qəsəbə və kəndlərdə internetin keyfiyyətinin yaxşılaşdırılması, yeni tikilmiş yaşayış mənzillərinin telefonlaşdırılması məqsədilə Xızı mərkəzindən Tıxlı kəndinə 2000 metr FO-12 kabeli, Giləzi qəsəbəsində 250 metr TPP-200x2 kabeli və 200 metr TPP 100x2 kabeli, Altıağac qəsəbəsində 200 metr TPP 100x2 kabeli, Xələnc kəndində 250 metr TPP-200x2 kabeli çəkilmişdir.
2019-cu il ərzində Xızı rayonu üzrə 140 mənzilə yeni telefon çəkilmiş, 303 abunəçinin isə genişzolaqlı internet xidmətinə qoşulması təmin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Xızı rayonu ərazisində Samur Abşeron və Taxtakörpü Ceyranbatan kanalının yenidən qurulması ilə rayonumuzda 9609 ha sahədə yeni suvarılan sahələr layihələndirilmiş və həmin ərazilərdə torpaqların meliorativ vəziyyəti və su təminatının yaxşılaşdırılması üçün yeni suvarma kollektor drenaj şəbəkəsi quraşdırılmışdır. 5835 hektar sahəyə yeni hidrotexniki qurğular çəkilmiş, bundan əlavə mövcud suvarılan 2970 hektar ərazidə su təminatının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür ki, bununlada rayon ərazisində 8805 hektar suvarma sahəsi yaranmışdır.
2019-cu il ərzində sudan istifadə planında rayon üzrə suvarılan torpaq sahələri 6600,0 hektar nəzərdə tutulmuşdur ki, ondan 3011,0 ha taxıl, 24,0 ha tərəvəz, 87,0 ha bostan, 2018,0 ha yem bitkiləri və təbii biçənək, 679,0 ha regional meşə zolağı, 80,0 ha həyətyanı sahə, 611,0 ha bağlar və 90,0 ha göllər təşkil edir.
2019-cu il ərzində mənbədən 16378,0 min m3 su götürülərək ayrıclardan təsərrüfatlara 13644,0 min m3 su verilmiş, 16320,0 ha sahə təkrar suvarılmışdır. Həmin sahələrin suvarılması üçün Xızı rayon Suvarma Sistemləri İdarəsinin balansında 56,1 km suvarma kanalları (bundan 31,9 km açıq tipli kanal, 24,2 qapalı şəbəkə), 86 ədəd su ayrıcı qurğular, 2 nasos stansiyası, 10 ədəd körpü, 11,1 km kollektor və 85,4 km drenaj şəbəkəsi möcuddur. Adları çəkilən irriqasiya qurğularında 116 min m3 mexanizmlə lildən təmizləmə, 36,12 min m3 isə əl ilə lildən təmizləmə işləri aparılmış, Giləzi nasos stansiyasının təzyiqli boru xəttinin 1656,0 km-lik hissəsində əsaslı təmir işləri aparılmışdır.
Əlavə olaraq Şorabad və Yeni Yaşma ərazilərində 3600,0 hektar sahəyə xidmət edən CB -XP-3 hidrotexniki qurğu ilə yanaşı təzyiqli boru kəmərləri və 1150,0 hektar sahədə qapalı drenaj şəbəkəsi və açıq tipli kollektor şəbəkəsi çəkilməsi və CB-QK-1 və CB-QK-2 boru kəmərində işlər başa çatdırılmışdır.
Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin Giləzi Meşəbəyliyi 2019-cu il ərzində 15,0 hektar sahədə meşə fondu toropaqlarında meşələrin bərpasını, 6,0 ha sahənin kol-kosdan təmizlənməsi, 1,0 ha torpağın təzələnməsi, 100,0 ha meşə əkinlərinə xidmət (bir dəfəyə çevirməklə), 55,0 ha mexaniki xidmət, 30,0 ha mexaniki xidmətdən sonra əl ilə əlavə xidmət göstərmişdir. 0,07 ha səpin şöbəsi yaradılmış və 300,0 ha meşə əkinlərinə qulluq edilməklə dibləri doldurulmuş, 4,0 ha kökləndirmə şöbəsi suvarılmış, 75,0 ha meşə əkini suvarılmış, 8,0 ha səpin şöbəsinə xidmət göstərilmiş və suvarılmış, 10,5 kq ağac toxumu tədarük edilmiş, 4,0 km yeni suvarma arxı çəkilmiş, 6,0 km suvarma arxı təmir edilmiş, 500 m3 odun tədarük edilmiş və satılmışdır.
6 saylı Yaşıllaşdırma İdarəsi tərəfindən 2019-cu il ərzində 55 ha sahədə 124097 ədəd müxtəlif cinslərdən ibarət ağaclar əkilmiş, 4071 ha təkrar olmaqla sahəyə mexaniki və əl ilə qulluq edilmiş, 11586 ha təkrar olmaqla sahə damcı üsulu ilə suvarılmışdır.
2019-cu il ərzində Xızı rayon Məşğulluq Mərkəzində 605 nəfər işaxtaran kimi qeydiyyata alınmış, onlardan 374 nəfər vətəndaş Mərkəzin vasitəçiliyi ilə rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatlarda daimi işlə təmin edilmişdir. İşlə təmin olunanlardan 94 nəfəri qadınlar, 80 nəfəri gənclər, 2 nəfəri məcburi köçkün, 10 nəfəri isə qaçqın olmuşdur.
“Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 avqust 2018-ci il tarixli 229 nömrəli Fərmanına əsasən yaradılmış DOST Agentliyinin tabeliyində olan, “DOST İŞ MƏRKƏZİ” MMC ilə qarşılıqlı fəaliyyət göstərərək Xızı rayon Məşğulluq Mərkəzi üzrə qeydiyyatda olan işsiz vətəndaşların rayon ərazisində təşkil olunmuş ictimai işlərə cəlb olunması təmin edilmişdir. “DOST İŞ MƏRKƏZİ” MMC tərəfindən Xızı rayonu üzrə ayrılmış 125 iş yerindən hal-hazırda 120 iş yeri Xızı rayon Məşğulluq Mərkəzi tərəfindən verilmiş işə göndərişlər əsasında işçi ilə təmin olunmuşdur ki, onlardan 43 nəfəri qadınlardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 noyabr tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası”na əsasən Xızı Rayon İcra Hakimiyyəti Başçısının 19 dekabr 2018-ci il tarixli 73 saylı Sərəncamı ilə Xızı rayonu üzrə fəaliyyət göstərən 7 müxtəlif idarə, müəssisə və təşkilat üzrə 30 nəfərlik kvota yeri müəyyən olunmuşdur. Həmin yerlərdən 20 yer əlillər üçün, 10 yer isə digər kateqoriyalar üçün nəzərdə tutulmuşdur. 2019-cu il ərzində qeydiyyata alınmış vətəndaşlar arasında 29 nəfər əlil olmuşdur ki, onlardan 8 nəfəri işlə təmin olunmuşdur. İşlə təmin olunan əlil vətəndaşlardan 1 nəfəri kvota üzrə olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 07 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” imzaladığı Sərəncama uyğun olaraq 36 nəfər işaxtaran vətəndaş özünüməşğulluq proqramına cəlb olunmuş və təlimlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təlimləri başa vurmuş vətəndaşların biznes planlarının qiymətləndirilməsi keçirilmiş və qiymətləndirmədə uğur qazanmış 27 nəfər vətəndaşdan 24 nəfəri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən kənd təssərüfatı aktivləri ilə təmin olunmuş, digər 3 nəfərin isə növbəti aylarda aktivlərlə təmin olunması gözlənilir.
Xızı rayon İcra Hakimiyyəti başçısının 06 sentyabr 2019-cu il tarixli 45 saylı Sərəncamına əsasən 27 sentyabr 2019-cu il tarixdə Xızı rayonunda Cəfər Cabbarlı adına Mədəniyyət Evində “Əmək Yarmarkası” keçirilmişdir. “Əmək Yarmarkası”nda rayonda fəaliyyət göstərən 32 idarə, müəssisə və təşkilat tərəfindən 131 boş iş yeri təqdim edilmişdir. Təqdim edilən vakant vəzifələrin əksəriyyəti dövlət strukturları tərəfindən təqdim olunmuşdur. “Əmək Yarmarkasında” 150-dan çox işaxtaran və işsiz vətəndaş iştirak etmişdir. Onlardan 35 nəfərinə müvafiq vakant vəzifələrə göndərişlər verilmişdir. Göndəriş verilən vətəndaşlardan 16 nəfəri müxtəlif idarə və təşkilatlarda münasib işlə təmin olunmuşdur. Onlardan 3 nəfəri qadınlar, 2 nəfəri gənclər və 1 nəfəri isə məcburi köçkün və qaçqın olmuşdur.
Xızı rayon Məşğulluq Mərkəzi tərəfindən “İşaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili Qaydası”na əsasən 18 nəfər işsiz şəxs 3 aylıq “İngilis dili” Peşə hazırlıq kursuna cəlb edilmişdir ki, onlardan 11 nəfəri qadın,17 nəfəri gənc,2 nəfəri isə əlil olmuşdur.
2018-2019-cu dərs ilində Xızı rayonunda 8 tam orta, 6 ümumi orta, 1 ibtidai məktəb, 1 Uşaq-Gənclər İdman-Şahmat məktəbi, 1 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərmişdir. Rayonun ümumtəhsil məktəblərində 2475 şagird təhsil almışdır ki, onların təlim-tərbiyəsi ilə 313 müəllim məşğul olmuşdur.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaya Xızı məktəbliləri də qoşulublar. Mart ayının 23-də rayon üzrə ümumtəhsil məktəblərinin IX-XI siniflərindən təhsildə xüsusi ilə fərqlənən 40 nəfər şagird Lənkəran-Masallı-Astara marşurutu üzrə səyahətdə olmuşlar. Layihənin keçirilməsində əsas məqsəd gənclərin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
14 iyun 2019-cu il tarixdə rayonun bütün ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri təntənəli şəkildə qeyd olunmuş, rayon üzrə IX siniflərdə buraxılış imtahanları 16 iyun 2019-cu il tarixdə, XI siniflərdə isə 21 aprel 2019-cu il tarixdə Giləzi qəsəbə tam orta məktəbində mərkəzləşdirilmiş qaydada keçirilmişdir. Buraxılış imtahanları “Əsasnamə”yə uyğun aparılmış, heç bir qanun pozuntusuna yol verilməmişdir.
İmtahana buraxılan 187 nəfər IX sinif şagirdlərindən 187 nəfəri, 107 nəfər XI sinif şagirdlərindən 107 nəfəri imtahanda iştirak etmişlər. Buraxılış imtahanlarının yekunlarına görə rayon şagirdlərinin nəticələri Dövlət İmtahan Mərkəzi tərəfindən analiz edilmiş, IX siniflər üzrə imtahan nəticələri 156,1 balla, XI siniflər üzrə isə 160,5 balla qiymətləndirilmişdir.
Təhsil Nazirliyinin yekun attestasiyasının nəticəsinə görə XI sinifi bitirən 107 şagirdə tam orta təhsil haqqında attestat, IX sinfi bitirən 187 şagirdə isə ümumi orta təhsil haqqında attestatların verilməsi qərara alınmışdır.
2019-cu il iyun ayında Təhsil şurasınn növbəti iclasında məktəb rəhbərlərinin iştirakı ilə 2018-2019-cu il dərs ilinin yekunları təhlil edilmiş, yekun nəticəyə görə təhsildə keyfiyyət göstəricisi 65,5 % təşkil etmişdir.
Respublikanın müxtəlif ali məktəblərinə sənəd verən 82 nəfər XI sinif məzunlarından 46 nəfəri ali məktəblərə, 12 nəfəri isə orta-ixtisas məktəblərinə qəbul olunmuşdur. XI sinif bazasından orta-ixtisas məktəblərinə sənəd verən şagirdlərdən 15 nəfəri kolleclərə qəbul olmuşlar.
2019-cu ilin hesabat dövrünədək rayonun ümumtəhsil məktəbləri üzrə müxtəlif məktəb inventarları, o cümlədən parta və stullar alınaraq paylanmış, dərs ili ərzində məktəblərdə olan İKT avadanlıqlarının sayı 198 dəstə çatdırılmışdır.
2019-2020-ci dərs ilində rayonda 8 tam orta, 6 ümumi orta, 1 ibtidai məktəb,1 Uşaq gənclər İdman Şahmat və 1 Uşaq Gənclər İnkişaf Mərkəzi fəaliyyətə başlamışdır. Bu dərs ilində rayonun Xızı şəhər, Giləzi, Şorabad, Altıağac qəsəbə, Yeni-Yaşma, Sitalçay , Fındığan kənd, Sitalçay 1 saylı tam orta və Tıxlı kənd ümumi orta məktəblərində 203 uşaq 12 sinif komplekti olmaqla məktəbəhazırlıq qruplarına cəlb olunmuşlar.
16 sentyabr 2019-cu il tarixdə “Bilik günü” rayonun ümumtəhsil məktəblərində təntənəli şəkildə qeyd edilmişdir.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyası çərçivəsində rayonun fərqlənən IX-XI sinif şagirdlərindən 40 nəfəri noyabr ayının tətil günlərində Qəbələ-Şəki-Zaqatala bölgəsinə səfər etmişlər.
Cənab Prezidentin müvafiq sərəncamları ilə inşa edilmiş 56 yerlik Xələnc kənd modul tipli ümumi orta məktəbin tikintisi başa çatdırılmış, 26 dekabr 2019-cu il tarixdə Xızı şəhər 1 nömrəli 420 şagird yerlik məktəbin açılış mərasimi keçirilmişdir.
Rayon üzrə əhaliyə tibbi xidməti “Xızı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs, 6 həkim məntəqəsi və 5 tibb məntəqəsi tərəfindən aparılır. Fındığan həkim məntəqəsi, Xələnc, Qarabulaq tibb məntəqələrində işçi olmadığına görə əhaliyə Səhiyyə xidməti “Xızı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən göstərilir.
Rayon üzrə çalışan tibb işçilərinin sayı cəmi 81 nəfərdir və onlardan həkimlərin sayı- 24 , Orta tibb işçilərinin sayı 57 nəfərdir. Cəmi Rayon üzrə vakant yerlərin sayı -33, onlardan vakant həkim yerlərinin sayı -16 və vakant orta tibb işçilərinin sayı-18 nəfəri təşkil edir.
Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən rayon üzrə müəssisə, təşkilat və yaşayış məntəqələrində əhalinin profilaktik müayinələrdən keçirilməsi təşkil olunmuşdur. Ümumilikdə 10945 nəfər profilaktik baxışdan keçmişdir. Onlardan 10405 nəfəri sağlam hesab edilmiş, 474 nəfəri ambulator müalicəyə cəlb olunmuş, 41 nəfəri stasionar müalicəyə cəlb olunmuş, 25 nəfəri ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmiş, 1 nəfərin üzərində cərrahiyə əməliyyatı aparılmışdır.
Rayon üzrə Şəkərli diabet xəstələrinin sayı 280 nəfər, vərəmli xəstələrin sayı 74 nəfər, xroniki böyrək çatışmazlığı ilə qeydiyyatda olanların sayı 12 nəfər, narkoloji xəstələrin sayı isə 118 nəfərdir. Qeydiyyatda olan narkamanların sayı 107 nəfər, xroniki alkoqoliklərin sayı 11 nəfər, ruhi - əsəb xəstələrinin sayı isə 120 nəfər təşkil edir. Şəkərli diabet xəstələrindən 2 nəfəri uşaqlardır.
2019-cu ildə “Xızı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs üzrə qanvermə kompaniyası aparılmışdır və qanvermə kompaniyasında könüllü olaraq 125 nəfər iştirak etmişdir.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayonu üzrə mədəniyyət müəssisələrində 22 müəssisə fəaliyyət göstərir. Hal-hazırda müəssisədə 108 nəfər işçi çalışır.
Hesabat dövrü ərzində Heydər Əliyev Mərkəzinə gələn tamaşaçıların sayı 4337 nəfər, M.Müşfiq xatirə muzeyinə gələn turistlərin sayı 1365 nəfər, C.Cabbarlı ev muzeyinə gələn turistlərin sayı isə 1379 nəfər təşkil etmişdir.
Xızı rayon Gənclər və İdman idarəsi tərəfindən 2019-cu il ərzində Dövlət Gənclər siyasətinin həyata keçirilməsi sahəsində, idman yarışlarının təşkili, Respublika səviyyəli yarışlarda, çempionatlarda Xızı rayon idmançılarının təmin olunmasında, gənclər arasında milli vətənpərvərlik ruhunun yüksəldilməsi, asudə vaxtın təşkilində bir sıra işlər görülmüşdür.
Belə ki, 5 mart 2019-cu il tarixində Xızı rayon C.Novruz adına 1 saylı Sitalçay tam orta məktəbində “Şahin” hərbi idman oyununun məktəblərarası rayon birinciliyi keçirilmişdir. Rayon birinciliyində I, II, III yerləri tutmuş komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Birincilikdə 70 nəfər şagird və həvəskar iştirak etmişdir.
Mart ayının 14-də gənclər arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə XI Azərbaycan çempionatının rayon seçim turu keçirilmiş, seçim turunda qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Rayonda ümumi qeydiyyat üzrə 1401 nəfər əmək pensiyaçısı vardır ki, ondan 901 nəfəri yaşa görə, 127 nəfəri ailə başçısını itirməyə görə, 373 nəfəri isə əlilliyə görə pensiya alanlardır.
Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyalarının, Sosial müavinətlərin və təqaüdlərin məbləğinin artırılması” haqqında Sərəncamları ilə əlaqədar olaraq müavinətlərin, təqaüdlərin yenidən hesablanıb ödənilməsi təmin edilmişdir.
Rayonda ümumi qeydiyyat üzrə 636 nəfər müavinətçi vardır ki, onlardan 227 nəfəri yaşa görə, 83 nəfəri ailə başçısını itirməyə görə, 254 nəfəri əlilliyə görə, 67 nəfər sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar və 5 nəfər şəhid ailəsidir.
İl ərzində yeni doğulmuş 135 uşağa 18829,00 manat, penitensiar xidmətdən azad olunan cəmiyyətə adaptasiya olunmuş 15 nəfərə 10960,00 manat vəsait ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 1993-cü il tarixli 433 saylı Qərarına uyğun olaraq 1 Qarabağ əlili, 1 Əfqanıstan əlili pulsuz minik avtomobili almaq üçün növbədə dayanmış, 1 Qarabağ əlili pulsuz minik avtomobili ilə təmin edilmişdir. 82 ailəyə VEMTAS-la ünvanlı sosial yardım təyin olunmuşdur.
Hesabat dövrü ərzində Polis şöbəsinin inzibati ərazisində 63 cinayət hadisəsi baş vermiş, onlardan 63-də açılması təmin edilmişdir. Baş vermiş cinayət hadisələrindən 5-i qəsdən sağlamlığa yüngül zərər vurma, 1-i öldürməklə hədələmə, 2-si 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə, 2-si avtonəqliyyət vasitəsinin qaçırılması, 2-si dələduzluq, 1-i mənimsəmə və ya israfetmə, 1-i soyğunçuluq, 4-ü xuliqanlıq, 12-si oğurluq, 4-ü qanunsuz silah saxlama, daşıma satma və ya gəzdirmə, 15-i narkotik vasitələrin qanunsuz saxlanması, 12-si yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (onlardan 5-i ölümlə nəticələnib), 2-si hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə olmuşdur. Yetkinlik yaşına çatmayanlar tərəfindən 1 cinayət hadisəsi törədilmişdir.
“Xaş-xaş” şərti adı altında bu il və növbəti illər üçün keçirilməsi nəzərdə tutulan tədbirlər planına uyğun olaraq Xızı rayonunun inzibati ərazisində narkotik xassəli bitkilərin kultivasiyası və yabanı halda yayılması halları ehtimal olunan bir neçə kənd və qəsəbədə əməliyyat axtarış və profilaktiki tədbirlər həyata keçirilən zaman narkotik vasitələrin qanunsuz kultivasiyası və yabanı halda yayılması ilə əlaqədar heç-bir fakt aşkar olunmamışdır.
Məlumat üçün bildirirəm ki, Xızı rayon Məhkəməsinin 10 dekabr 2018-cu il tarixli 1(068)-22/2018 nömrəli icra vərəqəsində göstərilən ekspertiza tədqiqatından sonra xalis çəkisi 64.88 qram olan 6 (altı) ədəd çətənə (kannabis) bitkisi, 17 dekabr 2018-ci il tarixli 1(068)-24/2018 nömrəli icra vərəqəsində göstərilən ekspertiza tədqiqatından sonra xalis çəkisi 0.65 qram olan tiryək narkotik maddəsi 28 mart 2019-cu il tarixində, Xızı rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli 1(068)-04/2019 nömrəli icra vərəqəsində göstərilən ekspertiza tədqiqatından sonra xalis çəkisi 6.82 qram olan qurudulmuş marixuana (kannabis) narkotik maddəsi isə 17 may 2019-cu il tarixində , Xızı rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli 1(068)-16/2019 nömrəli icra vərəqəsində göstərilən 2(iki) ədəd sellofan paketdə ümumi çəkisi 15.66 qram çəkidə olan qurudulmuş marixuana (kannabis), ümumi çəkisi 0.193 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, hər birindən 0.217 və 0.234 qram, ümumi çəkisi 0.451 qram olan heroin narkotik maddəsi və Xızı rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli 1(068)-13/2019 nömrəli icra vərəqəsində göstərilən ekspertiza tədqiqatından sonra xalis çəkisi 444.95 qram olan qurudulmuş marixuana (kannabis) narkotik maddəsi 25 iyul 2019-cu il tarixdə, Xızı rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli 1(068)-18/2019 nömrəli icra vərəqəsində göstərilən ekspertiza tədqiqatından sonra xalis çəkisi 0.80 qram olan tiryək və 0.43 qram olan qurudulmuş marixuana (kannabis) narkotik maddəsi 06 noyabr 2019-cu il tarixdə Xızı Rayon İcra Hakimiyyətində daimi fəaliyyət göstərən “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası” tərəfindən xüsusi ayrılmış yerdə yandırılaraq məhv edilmişdir.
2019-cu il ərzində rayon Qəyyumluq və Himayəçilik komissiyasına 3 müraciət daxil olmuşdur ki, həmin müraciətlər üzrə Xızı Rayon İcra Hakimiyyəti başçısının 06.02.2019-cu il tarixli 05 nömrəli və 06.02.2019-cu il tarixli 04 nömrəli sərəncamlarına əsasən psixi qüsurlarına görə məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs üzərində qəyyum təyin edilmiş, 1 nəfər azyaşlının üzərində olan mülkiyyət hüququndan istifadə edilərək pay torpağının satılmasına rəy verilmişdir.
Rayon üzrə Mənzil növbəliyinə götürənlərin sayı 26 nəfərdir ki, onlardan 7 nəfəri QMƏ, 12 nəfəri Şəhid ailəsi, 1 nəfəri Çernobıl əlili, 6 nəfəri isə hərbi qulluqçudur.
Rayon ərazisində yaşayan məcburi köçkünlərin sayı 241 nəfər (68 ailə), qaçqınların sayı isə 3314 nəfər (647 ailə) dir.
2019-cu il ərzində rayon İnzibati xətalar komissiyası tərəfindən 5 inzibati işə baxılmış, ümumi 1440 manat inzibati cərimə tətbiq olunmuşdur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsində 2019-cu il ərzində 64 nəfər çağırış yaşına çatmış gənc hərbi xidmətə yola salınmış və çağırış planı 100 % yerinə yetirilmişdir.
2019-cu il ərzində Xızı Rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 338 vətəndaş müraciəti daxil olmuşdur ki, bundan 324-ü ərizə, 14-ü şikayətdir. Daxil olan müraciətlərdən 109-u, o cümlədən nəzarətlə 4-ü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 6-ı Azərbaycan Respublikasının Milli Məclisindən, 15-i Azərbaycan Respublikasının Nazirlər Kabinetindən, 23-ü Respublikanın digər təşkilatlarından daxil olan, 185-i isə bilavasitə Xızı Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətlərdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müraciətlərin ümumi sayı 48 vahid çoxalmış, şikayətlərin sayı 6 vahid azalmışdır. Daxil olan müraciətlərdən 85- i həll olunmuş, 231-i barədə müvafiq izahat verilmiş, 6-ı əsassız hesab edilmiş, 10-i baxılmamış saxlanılmış, 6-i baxılmaq üçün aidiyyəti üzrə göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Azərbaycan Respublikasının Milli Məclisindən və Azərbaycan Respublikasının Nazirlər Kabinetindən daxil olan vətəndaş müraciətlərinə xüsusi nəzarətlə baxılmış, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlanıldıqda dövlət hakimiyyəti orqanına (Yuxarı təşkilatlara) məlumat verilməsi təmin olunmuşdur. Daxil olan hər bir müraciətə qanunla müəyyən edilmiş müddətdə və formada baxılaraq müraciət sahiblərinə rəsmi cavablar verilmişdir.
Hesabat dövrü ərzində 99 nəfər Rayon İcra Hakimiyyəti başçısının aparatında qəbul edilmiş, yerlərdə 49 səyyar görüş-qəbul keçirilmişdir ki, qəbullarda iştirak edən 1885 nəfər sakindən RİH başçısına müraciət edənlərin sayı 64 nəfər olmuşdur.
Tərtib olunmuş qrafikə uyğun olaraq 08.01.2020-29.01.2020-ci il tarixlərdə RİHB-nın şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərində 2019-cu ilin yekunları ilə əlaqədar hesabat yığıncaqları keçirilmişdir. Hesabat yığıncaqlarında sakinlər tərəfindən yaşayış məntəqələrinin içməli su probleminin həlli, qəsəbə və kənddaxili yolların təmiri, kanalizasiya sisteminin yaradılması, elektrik, qaz və rabitə təsərrüfatlarındakı problemlərin həlli, tibb müəssisələrinin inşası, avtodayanacaqların tikintisi, suvarma suyu ilə təminat kimi məsələlər qaldırılmışdır ki, növbəti 2020-ci il üçün tərtib edilmiş tədbirlər planına uyğun olaraq bu problemlərin həlli istiqamətdə əməli tədbirlər həyata keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müşavirədə qarşıda duran vəzifələrdən danışmış, xarici borcun azaldılması, qeyri-neft ixracının uzunmüddətli strategiyasının işlənməsi və ticarət dövriyyəsində qeyri-neft ixracının artırılması, kiçik və orta biznesin inkişaf etdirilməsi, Bank sektoru tərəfindən dollarlaşmanın faizinin aşağı salınması, iqtisadiyyatın sağlamlaşdırılması, iqtisadiyyatın real sektoruna dəstək verilməsi, ölkə iqtisadiyyatı üçün biznes kreditlərinə üstünlük verilməsi, sosial sahədə aparılmış işlərin davam etdirilməsi, gömrük sahəsində aparılan islahatların davam etdirilməsi, ünvanlı sosial yardımın verilməsi və özünüməşğulluq proqramı ilə bağlı dünya praktikasından faydalanmaqla, Dünya Bankının vəsaitindən istifadə etmədən onların təcrübəsindən yararlanmaqla Azərbaycanda uğurlu layihələrin sayının və faizinin daha da artırılması, kölgə iqtisadiyyatından çıxmaqla bağlı bütün qurumların fəaliyyətinin gücləndirilməsi, bu sahədə ciddi koordinasiya işlərinin aparılması, ödənişli ictimai iş yerləri ilə bağlı koordinasiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsi və ödənişli ictimai işlərə götürülən vətəndaşların məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmiləşdirilməsi və bir çox digər məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə qəti tapşırıqlarını vermişdir.
Rayon əhalisi adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarını əmin edim ki, biz Xızı ictimaiyyəti olaraq bundan sonra da dövlətimizin inkişafı naminə səylərimizi daha da artıracaq, ölkə başçımızın qarşımızda qoyduğu vəzifə və tapşırıqların tam həllinə uğurla nail olacağıq.